TƏŞKİLATLANMA SURƏCİNDƏ ÇATIŞMAZLIQLARIMIZ (1)

orgut

Dəyərli yurtdaşlar!

Artıq nə zamandır ki, Azərbaycan Türklüyü yenidən ayağa qalxıb öz milli haqları uğrunda mübarizəyə başlamışdır. Babək qalasına yürüşdən on il və Xordad qiyamından səkkiz il keçsə də, hələ mübarizə bütün gücü ilə davam edir və qarşıda görüləsi işlərimiz çoxdur. Məncə, indiki anda bu işlərdən ikisinə – bundan sonra nə ediləcəyi ilə bağlı Milli Hərəkat fəalları içərisində fikir aydınlığının yaranmasına və millətimizin milli-siyasi təşkilatlanma sorununa ayrıca diqqət yetirməliyik.

Nə qədər təəssüf etsək də, bir-birini tamamlayan bu iki önəmli məsələ ilə bağlı durumumuz heç də ürəkaçıcı deyil. Özünü

“partiya” adlandıran siyasi təşkilatlarımız, daha doğrusu, siyasi qruplarımiz istər içəridə, istərsə də dışarıda hansı gücə malikdir? Sabahkı azad və müstəqil Güney Azərbaycan Dövlətini idarə edəcək milli siyasi kadrlarımız yetərincə varmı? Hansı sistemi quracaq və ölkəmizi necə idarə edəcəyik? Bu yöndə sağlam, hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş strateji planları olan və xalq içərisində geniş dəstək tapan kütlə partiyalarımız, siyasi təşkilatlarımız varmı?

Nə yazıqlar ki, bu soruların cavabları ürəkaçıcı yox, məyusedicidir. Özəlliklə, milli siyasi kadrların yetişdirilməsində kəsir yönlərimiz, qüsurlarımız çoxdur və bu işdə təşkilat liderlərimizin (ya da özünü lider sayanlarımızın) günahı az deyil. Əslində bu gün Güney Azərbaycanda liderlik böhranı var və nəinki hələ milli düzeydə bir ümumi lider yetişdirə bilməmişik, hətta indiki siyasi təşkilatların böyük çoxluğu liderliyə layiq gerçək bir təşkilat liderindən belə məhrumdur (Çox bağışlayın, yalandan özümüzü öyüb şişirtməklə həm özümüzü, həm də millətimizi aldatmayaq). İşin daha pis yanı burasıdır ki, bir çox hallarda siyasi təşkilatın birinci şəxsi olaraq özünü lider sayan biri daş kimi əyləşir yuxarı başda və təşkilatı gəlişdirmək, inkişaf etdirmək yerinə, həm təşkilatın, həm də az-çox var olan təşkilat üyələrinin yolu üzərində əngələ çevrilir. Əlbəttə, düşmən qarşısında daş olmaq və yerində möhkəm dayanmaq hər bir lider üçün çox müsbət xislətdir, ancaq öz başçılıq etdiyi təşkilatda yolu kəsən daşa dönmək müsbət sayıla bilməz. Çünki bu durumda o “lider” millətlə birgə deyil, millətə qarşıdır və tək “öz” təşkilatının yox, bütövlükdə millətin milli kadr yetişdirməsinə mane olmaqdadır.

Dediklərimizdən mənzur o deyil ki, bu kəsir və qüsurları yalnız liderlərin (ya da özünü lider sayanların) boynuna yükləyək, yox, bu nöqsanlarda biz hamımız suçluyuq, əslində yanlışlıq daha çox bizim kültürümüzdən qaynaqlanır. Bir az da dəqiq desək, ən önəmli suç qaynağı bizim ümumi siyasi kültürümüzdür, özəlliklə də siyasətlə uğraşan insanlarımızın çağdaş siyasi kültürə yiyələnmə düzeyidir.

Bəllidir ki, istənilən siyasi təşkilatın saxlanmasında, genişlənib güclənməsində,

yüksəlməsində o təşkilatın və təşkilat üyələrinin siyasi kültür düzeyi az rol oynamır. Təşkilat nəzəriyyəçilərindən birinə görə, “Kültür bulmacanın bir parçası yox, elə bulmacanın özüdür!” (“The culture is not a piece of puzzle it is the puzzle!”). Bu deyimdən yararlansaq, bir siyasi təşkilatın canı onun siyasi kültürünə bağlıdır. Çünki siyasi kültür həm təşkilatın, həm də

təşkilatdakı hər bir üyənin siyasi düşüncəsinə, siyasi davranışına yön verən dəyərlər, inanclar, simgələr, təsəvvürlər, təcrübələr, normalar, prinsiplər, qaydalar… bütünüdür. Özlüyündə aydındır ki, təşkilatın siyasi kültürü hansı düzeydədirsə, onun durumu, görəcəyi işlər, gedəcəyi yol, oynayacağı rol da o düzeyə uyğun səviyyədə olacaqdır.

Yeri gəlmişkən, xatırladaq ki, təşkilatın siyasi kültürünün biçimlənməsində, gəlişməsində və yenilənməsində liderin böyük rolu var və gələn aylarda bu məsələ ilə bağlı ayrıca danışılacaqdır.

Ümumxalq mədəniyyətinin tərkib hissəsi olan siyasi kültür bir yandan tarixi irsi, o biri yandan da insanların çağdaş siyasi həyatını yansıdar. Xalq mədəniyyətimiz nə qədər yaxşı olsa da, tarixdən irs alınmış elə dəyərlərimiz var ki, çağdaş siyasi həyata uymur və siyasi kültürümüzün inkişafını əngəlləyir (umuram ki, gələn yazılarda bu məsələ ayrıca işıqlandırılar). Təbii ki, milli-siyasi təşkilatlanma sorunumuzu uğurla çözmək və sağlam bir çağdaş siyasi kültür düzeyinə yetə bilmək üçün ilk öncə əngəl rolu oynayan dəyərləri, ya da dəyər ünsürlərini aydınlaşdırmaq, sonra da onları ortadan qaldırmaq biz milli fəalların borcudur.

Çox sevindirici bir haldır ki, siyasi kültürümüzün inkişafına mane olan əngəllərin aydınlaşdırılması sorunu artıq gündəmə gəlmiş və milli fəallarımız arasında bir neçə gün öncə bu yöndə dartışmalar başlamışdır. Əlbəttə, gecə nə qədər qaranlıq və uzun olsa da, keçib gedir, işıqlı gün hər yanı aydınladır. İnanıram ki, Azərbaycan Milli Hərəkatı nəinki bu sorunu, bundan da qat-qat ağır sorunları çözəcək, ən çətin işləri belə uğurla yerinə yetirəcək və milli hədəflərimiz uğrundakı mübarizəni uğurla başa çatdıracaqdır.

Mən bir Azərbaycanlı kimi, bu bəhsi açanlara – siyasi kültürümüzün inkişafına mane olan əngəllərin aydınlaşdırılması sorununu göz önünə sərən Babək bəy Azəri, Arif bəy Kəskin, Sadiq bəy, Səttar bəy, Bəxtavər bəy və başqa dəyərli insanlarımıza təşəkkür edir, habelə bu məsələni ciddiyə alaraq öz düşüncələrini, münasibətlərini bildirən soydaşlarımıza “Sağ olun!” deyirəm.

Çox təəssüflər ki, siyasi kültür sahəsi mənim uzmanlıq alanım deyil və mən meydanı boş görüb millətimizin milli-siyasi təşkilatlanmasına yardımçı ola bilmək üçün bu yöndə oxuyub-öyrənməyə, düşündüklərimi deməyə çalışıram. Ona görə də, sözümün sonunda siyasət sosiologiyası, təşkilat sosiologiyası, idarəetmə, liderlik, antropologiya, sosiologiya, sosial psixologiya və oxşar elmlər üzrə bilgiləri olan yurddaşlarımızdan diləyirəm ki, millətimizin siyasi kültürünün çağdaş dünya şərtlərinə uyğun gəlişdirilməsinə və milli-siyasi təşkilatlanma sürəcimizin daha da dərinləşib güclənməsinə öz bilik və bacarıqları ilə yaxından yardım etsinlər, özəlliklə xalqımızı bilgiləndirmə yönündə əllərindən gələni əsirgəməsinlər.

Turan A.

Mais 2013

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s